44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ İNFORMASİYA MÜHARİBƏSİNDƏN DƏ QALİB ÇIXMIŞ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEV
Cənab Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin anti-Azərbaycan mövqeli xarici qüvvələrə ismarıclar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi rüh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu. 44 gün davam edən müharibə dövründə cənab Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi. Dövlətimizin başçısı müsahibələrində Azərbaycan tərəfinin illərdir sülhpərvər mövqe nümayiş etdirdiyini, erməni tərəfinin illərdən bəri destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini inkarolunmaz dəlillərlə sübut etmişdir. Həmçinin, Ermənistanın qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini ifşaedici dəlillərlə sübut edərək kəskin tənqid etmişdir. Cənab Prezident müsahibələrində qonşu və tərəfdaş ölkələrlə münasibətlərə aydınlıq gətirmiş, gələcək ölkələrarası əməkdaşlığın perspektivləri barədə fikirlər səsləndirmişdir. Təbii strateji müttəfiqimiz olan qardaş Türkiyə, strateji müttəfiqimiz olan ABŞ, regionda yaxından əməkdaşlıq etdiyimiz qonşu ölkələrdən olan Rusiya və İranla, həmçinin regional müttəfiqimiz qonşu Gürcüstanla münasibətlərə aydınlıq gətirmişdir....